Kənd təsərrüfatı

Qəbələ Şərabları

“Qəbələ Şərabları” MMC 2019-cu ildə yaradılmışdır. “Pacific Group” şirkətlər qrupunun yeni üzüm emalı və şərabçılıq layihəsini həyata keçirən operator şirkətidir.

Layihə Qəbələ rayonunda illik xammal qəbulu gücü 9360 ton olan üzüm emalı və şərabçılıq zavodunun qurulmasını nəzərdə tutur. Müəssisənin ərazisi 15 hektardır, Qəbələ şəhərinin girişində, Dəmiraparan çayının sahilində yerləşir. Üzümün qəbulu, emalı, şərabların qıcqırdılması və fermentasiyası üçün hər birinin sahəsi 2000 m2, hündürlüyü 10 m olan 2 istehsalat binası mövcuddur.

Müəssisə İtaliyanın “TMCI Padovan” şirkətinin avadanlıqları əsasında qurulmaqdadır. Artıq 11 milyon manat dəyərində əsas avadanlıq, o cümlədən preslər və fermentasiya çənləri istehsal sahəsinə gətirilmiş və montaj üçün hazırdır.

Tam istehsal gücünə çıxdıqdan sonra zavodda 8.2 milyon şüşə (615 min dkl) süfrə və tünd şərablar istehsal ediləcəkdir. Xammal bazasını, əsasən, “Pacific Group” a daxil olan 1000 hektar üzüm bağlarında yetişdirilən yerli və Avropa mənşəli sortlar təşkil edir.

Layihədə Avropa sortları ilə yanaşı, Mədrəsə və Bayanşirə kimi yerli üzüm sortlarının tədarükü və emalına da üstünlük verilir. Qədim üzümçülük ənənələrinin bərpası və inkişaf etdirilməsi məqsədi ilə milli sortların kolleksiya bağı salınacaq və onların tingçiliyi yaradılacaqdır.
İstehsal olunacaq şərabların satış bazarı kimi daxili bazar, Rusiya, Belarus və Ukrayna nəzərdə tutulmuşdur.

Layihə turizm şərabçılığının inkişaf etdirilməsi məqsədini qarşıya qoymuşdur. Ərazinin gözəl relyefi və dağətəyi qurşaqda yerləşməsi onu turistlər üçün də cəzbedici edir. Bu məqsədlə ərazidə dequstasiya zalları, şərab muzeyi, milli restoran, milli suvenirlər təqdim edən kiçik ticarət köşklərinin də qurulması nəzərdə tutulur. İstehsalat binalarının ətrafında 10 hektarda üzümün qiymətli, yerli sortlarından ibarət kolleksiya bağı və həmin sortların tingliyi salınacaqdır.

Əlaqə vasitələri
Ünvan: Azərbaycan, Bakı, AZ 0100, Şamaxı şossesi 129
Mobile: Tel: (+994 12) 310 55 15